Sülh danışıqları dalana dirənib. Zelenski deyir “Güzəştə yer yoxdur!”

Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün danışıqlar nəticəsizdir. Doğrudur, hazırda qismən atəşkəs mövcuddur. Lakin bu nisbidir və iki ölkə arasında növbəti razılaşmalar hələlik mümkün görünmür. Rəsmi Kiyev bildirir ki, ruslar hətta artıq döyüşlərdə mövcud nisbi fasiləni də pozublar.

(James David Vance)

ABŞ-ın vitse-prezidenti J.D.Vens Qrenlandiyaya səfəri zamanı ona bununla bağlı ünvanlanan suala cavab olaraq deyib:

  • Əlbəttə, enerji infrastrukturu ilə bağlı atəşkəs var. Bizim Qara dəniz üçün kommersiya atəşkəsi mövcuddur. Bununla işimiz bitdikdən sonra atəşkəsin növbəti mərhələsi üzərində işləyəcəyik.

Ancaq növbəti mərhələ çox mürəkkəb görünür. Çünki Rusiya və Ukraynanın tələbləri bir-birindən kilometrlərlə uzaqdır.

Ron Keller

Danışıqların formatı ilə bağlı Niderland Krallığının Rusiya və Ukraynadakı keçmiş səfiri Ron Keller Qərb mediasına deyib ki, təsəvvür edin iki şahmat taxtası var. İlk şahmat taxtası ABŞ-ın Rusiya ilə və Ukraynanın ABŞ-la apardığı danışıqlar masasıdır. Amerikalılar indiyədək Rusiyanın tələbləri ilə böyük ölçüdə razılaşıblar və Ukraynaya da eyni şeyi etməyə təzyiq edirlər.

İkinci şahmat taxtası Avropadadır: burada Ukrayna “istəklilər koalisiyası” adlanan, Kiyevə hərbi və iqtisadi yardımla dəstəyi davam etdirməyə hazır olan otuz ölkədən ibarət qrupla danışıqlar aparır. ABŞ bu danışıqlarda iştirak etmir.

Keller hesab edir ki, bu iki şahmat taxtası əslində birlikdə irəliləməlidir:

  • Son nəticədə dörd tərəfin bir yerdə masa arxasına əyləşməsi qaçılmazdır. Amma bu, Rusiyanın xoşuna gəlmir, Amerika isə  Avropanın böyük söz sahibi olmasını istəmir. Mən əvvəllər heç vaxt müxtəlif şahmat taxtaları ilə belə danışıqlar prosesini şahidi olmamışam.  Belə danışıqlar irəliləyişə səbəb olmur. Son nəticədə bütün tərəflər məyusdur olur.

Keller davam edərək deyir:

  • Ruslar atəşkəsin tərəfdarıdır, çünki onlar qalib tərəfdədirlər. Amerikalılar düşünürdülər ki, onlar tez bir zamanda razılığa gələ bilərlər, lakin bu, belə deyil. Onlar Ukraynanın çevik olmamasından da şoka düşə bilərlər. Ukraynalılar bərabərhüquqlu tərəfdaş kimi danışıqlar masasına əyləşmədikləri üçün qəzəblənirlər. Avropa isə ABŞ-ın danışıqlarda məlumatları onunla bölməməsinə görə qəzəblənir.

O da məlumdur ki, bütün tərəflər bir-biri ilə danışmağa başlasa belə, Rusiya və Ukraynanın hələ də tam əks məqsədləri var. Məsələn, Putin bu yaxınlarda qeyd edib ki, o, müharibənin “əsas səbəbləri”nin sülh sazişində yer almasını istəyir.

Onun arzusuna görə, Ukrayna ordusunun sayı əhəmiyyətli dərəcədə azaldılmalı, Zelenski prezident postundan getməli, Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verməli, Ukrayna NATO üzvü olmamağa söz verməlidir.

Ümumiyyətlə, Putinin bütün tələbləri Ukrayna üçün qəbuledilməzdir.

Bunları təhlil edən keçmiş səfir Keller deyir ki, Rusiya və Ukraynanın əsas ambisiyaları diametral şəkildə ziddiyyət təşkil edir və dəyişmədən qalır. Keller “Ruslar Ukraynanı tamamilə öz təsir dairələrində istəyirlər. Ukrayna və Avropa isə bunun tam əksini istəyir və güzəştə yer yoxdur” söyləyir:

  • Ruslar cəbhədə kifayət qədər uğur qazandıqlarını və Ukraynanın uzunmüddətli perspektivdə zəifləyəcəyini düşünürlər. Deməli, Moskvanın döyüşü davam etdirmək üçün əsası var. Ukraynalıların isə cəbhə xəttində işləri yaxşı getmir və bu üzdən onlar danışıqlar masası arxasında da uduzmaq istəmirlər. Ona görə də görürsən ki, Səudiyyə Ərəbistanında danışıqların nəticəsi son dərəcə məhduddur.

Ukraynaya danışıqlar masası arxasında təzyiqi daha da artırmaq üçün Rusiyanın yaxın həftələrdə yeni hücuma başlayacağı gözlənilir.

Diplomatik danışıqlar növbəti mərhələyə keçməzdən əvvəl Qara dənizdə atəşkəs təklifi qüvvəyə minməlidir. Moskva bu plana rəsmi razılıq verməzdən əvvəl Vladimir Putin Rusiyanın qida sənayesinə tətbiq edilən bəzi sanksiyaların ləğvini istəyir.

ABŞ bununla razı olub-olmadığını hələ açıqlamayıb. Sanksiyaların bəziləri isə Avropa tərəfindən də tətbiq olunub. Buna görə də Birləşmiş Ştatlar bu tədbirləri ləğv edə bilməz.

Avropa ölkələri hələlik sanksiyaların yüngülləşdirilməsinə açıq deyil. Almaniya kansleri Olaf Şolz cümə günü deyib: “Əsl sülh əldə olunmayana qədər sanksiyaları dayandırmağın mənası yoxdur və təəssüf ki, biz bundan hələ çox uzaqdayıq”.

Rusiyalı bəzi təhlilçilər isə deyir ki, danışıqlar sülh sazişi üzrə real razılaşma əldə olunana qədər – ən azı bu ilin sonuna qədər davam edəcək.


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨