Zakir Nəsirov çoxsaylı ağır cinayətlərdə suçlanaraq ömürlür cəza almışdı
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Vüsal Nəsirov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri təyin edilib. O, bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb. Təyinatda maraqlı odur ki, onun atası Zakir Nəsirov Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq yüksək rütbəli şəxsi olub. Time TV bildirir ki, Zakir Nəsirov DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi vəzsifəsində çalışıb. 2005-ci il iyulun 8-də həbs edilib. O, çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş polis polkovniki Hacı Məmmədovun dəstəsinə rəhbərlik etmək də suçlanırdı. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Nəsirov ömürlük azadlıqdan məhrum edilmişdi. Sonradan prezident sərəncamı ilə onun cəzası 15 il həbslə əvəzləndi. 11 il 9 ay həbsdə qaldıqdan sonra 2017-ci il aprelin 7-də Zakir Nəsirov şərti azadlığa buraxıldı. “Qara kəmər” əməliyyatı kimi sənədləşdirilən proseslə bağlı Nəsirovun bəraət alma cəhdləri nəticə vermədi. Dəstənin əsas killeri, polis polkovniki Hacı Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı həbsxanada müəmmalı şəkildə öldürüldü. Bu kriminal qrup Azərbaycanda onlarla iş adamını oğurlayaraq onlardan külli miqdarda pul almış, buna etiraz edənlərdən bəzilərini öldürüb Qusarda yerləşən “Qara Bulaq” adlı istirahət mərkəzinin ərazisində və digər yerlərdə basdırmışdılar. Bu hadisələrlə bağlı bu günə qədər Azərbaycan rəhbərliyi ictimiayyətə ətraflı məlumat verməyib.
Azərbaycan Respublikası qanunvericiliyinə görə, ağır cinayət törətmiş şəxslərin övladlarının dövlət qulluğuna qəbul zamanı “yaxın qohumların məhkumluğu” xüsusi yoxlamalarda nəzərə alınmalı və “risk amili” kimi dəyərləndirilirməlidir. Məhz bu tələbə görə adi cinayətlərdə ittiham olunan bir çox şəxslərin övladları sadə dövlət vəzifələrinə təyinat ala bilmir. Lakin bu, Azərbaycanda xüsusilə ağır cinayətlərdə suçlanaraq məhkum edilmiş keçmiş yüksək vəzifəli şəxslərin yaxınlarına bu şamil edilmir. Bu da onu təsdiq edir ki, siyasi hakimiyyətin nəzarətində törədilən cinayətlər insanın özü və yaxınları üçün xüsusi təhlükəli sayılmır.

