- Farid İsmayılovun həbsinin bir ilini qeyd etdi
Son iki həftədə Avropa Birliyinin bir neçə ölkəsində – Paris, Rennes, Kassel kimi böyük şəhərlərində həbsdə olan azərbaycanlı jurnalist Fərid İsmayılovun portreti əks olunan plakatlar ictimai məkanlarda yerləşdirilib. Kampaniya onun Azərbaycanda həbs edilməsindən bir il keçməsi münasibətilə təşkil olunub.
Plakatların üzərində yerləşdirilən QR kod vasitəsilə izləyicilər Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Farid İsmayılovun həbsi ilə bağlı yayımladığı ətraflı məlumatlara yönləndiriliblər.
Jurnalistlər və vətəndaş fəalları tərəfindən həmrəylik məqsədilə təşkil olunan bu sakit vizual kampaniya Kassel (Almaniya), Paris və Retiers (Fransa) şəhərlərində keçirilib. Plakatlarda ingilis, fransız və alman dillərində sadə, lakin aydın mesaj yer alıb:
“Jurnalistika cinayət deyil. Fərid İsmayılov bir ildir həbsdədir.”
Qeyd edək ki, Fərid İsmayılov 17 yanvar 2025-ci ildən bəri azadlıqdan məhrum edilib. Beynəlxalq mətbuat azadlığı təşkilatları onun həbsini Azərbaycanda müstəqil jurnalistikaya qarşı artan təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirirlər.
Qarşıdurma deyil, görünürlük
Təşəbbüs iştirakçıları bildirirlər ki, məqsəd etiraz aksiyası keçirmək deyil, Fərid İsmayılovun işini insanların gündəlik istifadə etdiyi məkanlarda — küçələrdə, meydanlarda və nəqliyyat zonalarında — görünən etmək olub.
Azərbaycan Xalq Parlamentinin Rəyasət Heyətinin üzvü Abid Qafarov deyir ki, gənclər Azərbaycanda siyasi və ictimai məkanda ciddi şəkildə təmsil olunmur:

Fərid İsmayılovu şəxsən tanıdığını bildirən Qafarov onun rəsmi narrativləri sual altına alan müsahibələri ilə ictimai müzakirələrə təsir göstərdiyini vurğulayıb:
– Repressiya sistemli xarakter alanda susmaq artıq seçim deyil. Əgər ədalətsizliyin qarşısını birbaşa ala bilmiriksə, onu görünən etmək borcumuzdur. Bu, jurnalistikanın əsas missiyalarından biridir.
Parisdən baxış: fəalın təcrübəsi

Plakatları Parisdə yerləşdirən Etibar Süleymanlı bu təşəbbüsdə iştirakını həm şəxsi, həm də ictimai mövqe kimi dəyərləndirib:
– Fəridlə yaxın dostluğumuz var. Bu aksiyada həm dost kimi, həm də səsimi Azərbaycana çatdırmaq üçün iştirak etdim. Məhz buna görə də plakatları Parisdəki Azərbaycan səfirliyinin binasının yaxınlığında yerləşdirdim. Maraqlıdır ki, səfirlik binası dəmir barmaqlıqlarla əhatə olunub.
-Çox mənalı idi. Açığı, ilk dəfə idi ki, belə bir təşəbbüsdə iştirak edirdim.
Süleymanlı plakatların ictimai maraq doğurduğunu da bildirib:
“Yoldan keçən bəzi insanlar dayanıb QR kodu skan edir, Fərid haqqında məlumat oxuyurdular. Onların reaksiyasını videoya da çəkə bildim.”
“Ümid edirəm insanlar XXI əsrdə söz azadlığının necə boğula bildiyini anlayırlar. Hətta kiçik bir məlumat belə həmrəylik nümayişidir.”
Ananın səsi
Fərid İsmayılovun ailəsi üçün bir ilin tamam olması ağrılı bir mərhələdir.
Onun anası deyir:

-Bu bir il mənim üçün son dərəcə ağır keçdi. Heç bir anaya belə bir sınaq arzulamazdım. Heç bir ana övladını görmək üçün həbsxana yollarını getməməlidir. Bu ilin necə keçdiyini sözlə ifadə etmək çətindir. Bəzən düşünürəm ki, gündəlik yazsaydım, yaşadıqlarım ora sığmazdı.
Oğlunun yoxluğu barədə isə belə deyir:
-Fəridin yoxluğu həyatımı söndürüb. Məni ayaqda saxlayan yenə Fəriddir. Onu görə bilmək üçün güclü qalmağa çalışıram. Ümidim odur ki, bir gün ədalət qalib gələcək və oğlum azadlığa çıxacaq.
Ana beynəlxalq ictimaiyyətə müraciət edərək bildirib ki, Fərid İsmayılov həbsdə ciddi sağlamlıq problemləri ilə üzləşir və bu işin gündəmdə saxlanılması həyati əhəmiyyət daşıyır.
Beynəlxalq narahatlıq
Mətbuat azadlığı təşkilatları Fərid İsmayılovun işini daha geniş repressiya mühitinin göstəricisi kimi dəyərləndirirlər.
Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) Azərbaycanda jurnalist həbslərinin Avropada ən yüksək səviyyədə olduğunu bildirir.
IFJ-nin baş katibi Entoni Bellanjer deyir:

-Azərbaycan 2001-ci ildən bəri Avropa Şurasına üzv ölkələr arasında siyasi motivli ittihamlarla həbs olunan jurnalistlərin sayına görə liderdir. Hazırda 37 jurnalist, o cümlədən Fərid İsmayılov həbsdədir.
“Jurnalistlərin həbs edilməsi demokratik dəyərlərə və cəmiyyətin müstəqil informasiyaya çıxış hüququna hörmətsizlikdir. Azərbaycan hakimiyyəti bütün həbs edilmiş jurnalistləri dərhal azad etməlidir.”
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə bildirib ki, Fərid İsmayılovun işi onların Avropa və Mərkəzi Asiya proqramı çərçivəsində diqqətdə saxlanılır.
“Dünya izləyir”
Təşkilatçıların sözlərinə görə, plakatlar səssiz, lakin davamlı mesaj verir: jurnalistin həbs edilməsi onun səsini boğmur.
Plakatlarda yazıldığı kimi: Jurnalistika cinayət deyil.
Müəllif: ÜLVİYYƏ ŞAHİN
Paris / Rennes/Kassel — 15 yanvar, 2026









