Donald Tusk pulların Ukraynaya verilməsini tələb edir, Orban dirənir
Tusk “prinsipial razılaşma”dan danışır – Merz Almaniyada dondurulmuş vəsaitlərdən istifadə etmək istəyir
Polşanın Baş naziri Donald Tuskun sözlərinə görə, Aİ sammitində Rusiyanın aktivlərinin Ukraynaya maliyyə yardımı üçün istifadə olunması məsələsində prinsipial razılıq əldə olunub. Tusk Brüsseldə dövlət və hökumət başçılarının görüşü çərçivəsində bildirib ki, bütün iştirakçılar bir həll yolu tapmaqda qərarlıdırlar.
Bununla belə, Tuskun sözlərinə görə, hələ də aydınlaşdırılmalı olan çoxlu texniki məqamlar mövcuddur.
Reuters agentliyi yekun bəyanatın layihəsindən sitat gətirərək yazıb ki, Aİ institutları zəruri addımları “təcili” şəkildə atmalıdır. Qeyd olunur ki, mətn yekun ortaq qərara qədər dəyişə bilər.

Almaniyanın kansleri Fridrix Merz Almaniya ərazisində dondurulmuş vəsaitlərdən də istifadə olunacağını Alman Mətbuat Agentliyinə (DPA) verdiyi açıqlamada təsdiqləyib. Federal hökumətin məlumatına görə, Almaniyada təxminən 3,5 milyard avro dondurulub, lakin bunun nə qədərinin Rusiya Mərkəzi Bankına aid olduğu hələ məlum deyil.
Zelenski razılaşmaya çağırır
Bundan əvvəl sammitdə iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski razılaşmanın əldə olunacağını gözlədiyini bildirib. O, Aİ-dən dondurulmuş Rusiya dövlət aktivlərini Ukraynanın ixtiyarına verməyi xahiş edib. Zelenskinin sözlərinə görə, əgər bu cür maliyyə vəsaitlərinə tez bir zamanda çıxış olmazsa, Ukrayna daha zəif mövqedə qalacaq.
Aİ iki-üç il müddətinə nəzərdə tutulan yardım paketini maliyyələşdirmək üçün Avropada dondurulmuş Rusiya aktivlərindən istifadə etməyi planlaşdırır. Bu vəsaitlər Kiyevin ödəmə qabiliyyətini qorumaq məqsədilə “reparasiya krediti” kimi istifadə oluna bilər. Buna qarşı isə xüsusilə Macarıstan və daha çox Belçika tərəfindən narahatlıqlar ifadə olunur. Belçikanın maliyyə qurumu Euroclear 185 milyard avro həcmində Rusiya Mərkəzi Bankına aid aktivlərin əsas hissəsini idarə edir.
“Ya bu gün pul, ya da sabah qan”
Avropa Şurasının Prezidenti Antoniu Koşta sammit başlamazdan əvvəl bildirib ki, razılaşma əldə olunmadan görüş başa çatmayacaq. Səhər saatlarında Belçikanın Baş naziri Bart De Wever ortaq həll yoluna gəlmək üçün danışıqlara hazır olduqlarını bildirib. Onun sözlərinə görə, kompromis məsələsində müəyyən çeviklik mümkündür.
CSU-dan olan Avropa Parlamentinin üzvü Markus Ferber Almaniya radiosuna (Deutschlandfunk) açıqlamasında Belçikanın təminatların həcmi ilə bağlı sərt mövqe tutduğunu deyib. Bununla belə, o, sonda Belçikanın da qəbul edə biləcəyi bir həll yolunun tapılacağına ümidli olduğunu bildirib. Lakin Ukraynaya əlavə yardımları tamamilə rədd edən ölkələr də var: Çexiya və Macarıstan.

