Heydər Əliyevə qarşı çıxan gəncin onun vəfatı günü həbsxanada həyatını itirməsi diqqət çəkir
AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Elbəyi Kərimlinin meyidi həbsxana yoldaşları tərəfindən aşkarlanıb. Məlum olub ki, Kərimli dünən – 12 dekabrda, keçmiş prezident Heydər Əliyevin vəfatının 22-ci ildönümü günü həyatını itirib. Onun həyatını necə itirdiyi dəqiq məlum deyil. Xətai Rayon Prokurorluğundan bildirilib ki, araşdırma aparılır.
Qeyd edək ki, Elbəyi Kərimli 2023-cü ilin avqusrunda Heydər Əliyevin heykəlinin arxa hissəsinə “Stalin” yazdığı üçün həbs olunmuşdu. Sonradan ona AR Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə saxlama) maddəsi ilə ittiham irəli sürülmüş və 6 il azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmə həmin maddədən “satış məqsədi” ifadəsini çıxararaq, cəzanı 5 ilə salmışdı.
Həbsxanada onun təzyiqə məruz qaldığı bildirilirdi. Bu ilin iyul ayında saxlanıldığı həbsxanada Ədliyyə Nazirliyinin nümayəndələrinə şəraitdən şikayətləndiyi üçün təzyiqə məruz qalmış, karsa salınmışdı. Əqidədaşları təzyiqlərin davamlı olduğunu deyirdilər.
Xatırladaq ki, 2016-cı ildə Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazdığı üçün 10 il müddətinə həbs edilən, 2019-cu ildə əfv fərmanı ilə azadlığa çıxan Bayram Məmmədov da 2021-ci ilin may ayının 2-də İstanbulda həyatını itirmişdi. Onun da tərliyinin arxasınca dənizə düşüb boğulduğu deyilərək məsələ bağlandı.

