Fikrət Hüseynli yazır
Bu gün sıralama olaraq müstəqil Azərbaycanın 3-cü (1. Ayaz Mütəllimov, 2. Əbülfəz Elçibəy) prezidenti Heydər Əliyevin dəfninin 22-ci ildönümüdür. YAP-istlər, vəzifəli şəxslər və digərləri Fəxri Xiyabanda növbəyə durmuşdular. Və onlar belə təqdim edir ki, Azərbaycanı son 22 ildə inkişaf etdiriblər. Mən digər göstəricilərə toxunmadan sadəcə siyasi, mətbuat, etiraz azadlıqlarıyla bağlı məqamları diqqətə çatdırmaq istəyirəm;
1. Heydər Əliyevin dövründə bütün müxalif siyasi partiyaların Bakının mərkəzində özlərinə məxsus qərargahları vardı. – İndi yoxdur.
2. Heydər Əliyevin dövründə müxalifət qəzetlərinin redaksiyaları Bakıda mərkəzdə yerləşirdi – İndi yoxdur
3. Ölkədə 40-a yaxın müxalifət və müstəqil qəzet nəşr olunurdu – İndi yoxdur.
4. AMİP, AXCP, Müsavat kimi partiyaların hər birindən real seçici səsilə 3-5 deputat seçilirdi – İndi yoxdur.
5. Müxalifət partiyalarının rayon təşkilatları qərargahla təmin olunmuşdu – İndi yoxdur
6. Prezident H.Əliyev rəqibi Elçibəyə ağır xəstəykən televiziya vasitəsilə şəfa diləyir, onun müalicə xərclərini dövlət büdcəsindən təmin edirdi. – İndi yoxdur.
7. Prezident və müxalifət Qarabağ məsələsini parlamentdə müzakirə edə bilirdilər – İndi yoxdur.
8. Şəhər və rayon mərkəzlərində aksiyalar keçirilirdi – İndi yoxdur.
9. Müxalifətin kütləvi aksiyalarına icazə verilirdi – indi yoxdur
10. Dövlət məmurları həftədə 1 dəfə (5-ci gün) YAP qərargahında hesabat mətbuat konftansı keçirirdilər – İndi yoxdur
11. Jurnalistlər, qəzet redaktorları prezidentlə ildə 1-2 dəfə görüşə, hətta rəhmətlik Qənirə Paşayeva kimi onunla dostlaşa bilirdilər. İndi jurnalist və redaktorlar qoruyucu köpək kimi zəncirləniblər.
12. Hüquq müdafiəçiləri, jurnalistlər, fəallar uzun müddətli həbsə məruz qalmırdılar. İndi isə ağır cinayətkar kimi gedər-gəlməzə göndərilirlər.
13. Özünü iqtidara alternativ görən siyasi liderlər İsa Qəmbər, Əli Kərimli həbs edilsələr də, bu çox qısa müddəti əhatə edirdi. İndi isə iqtidarın bütün alternativləri məhv edilib.
Çox yaza bilərəm. Təbii ki, bunlar 1988-91-ci illər Azadlıq Hərəkatının təsiri ilə formalaşmışdı həm də. Və düşünürəm ki, o dövrdə Qarabağ problemi olsa da, xalqın gələcəyə inamı daha çox idi. İndi isə Qarabağ problemi həll olunub, amma xalqın gələcəyə inamı ölüb.
Yanlışmı deyirəm?

