Fikrət Hüseynli yazır
Həyatda əmin olduğum bir gerçək var: Ədalətli və yaxşı insanların dini, milliyyəti, irqi olmur. Onlar üçün həqiqət, mərhəmət və vicdan önəmlidir. Onlarla millətin nümayəndəsini görmüş və hazırda çoxmillətli, çoxmədəniyyətli cəmiyyətdə yaşayan biri olaraq bunu deyirəm.
Və çox təəssüf ki, illərdir Türkiyədəki türk millətçiliyi, islam təəssübkeşliyi Azərbaycanla bağlı vicdan imtahanından çıxa bilmir. 84 milyonluq ölkənin hakimiyyəti 10 milyonluq Azərbaycan hökumətinin qarşısında aciz vəziyyətindədir. İnanmırısınız? Mən yazım, siz oxuyun.
İllər öncə Azərbaycan Ramiz Mehdiyev və onun əlaltısı Əli Həsənovun əlilə Türkiyədə türk vətəndaşı rəhmətlik jurnalist, türk milliyyətçisi Aydın Taşın mətbuat kartını ləğv etdirdi. Sonra Aydın Taş müəmmalı şəkildə guya özünü öldürdü. Heydər Əliyevin heykəlinə “qul bayramınız mübarək” yazan Bayram Məmmədov da sığındığı İstanbulda ölü tapıldı. “Dənizə düşüb boğulub” söhbətilə mövzu qapadıldı. Jurnalist Рауф Миркадыровun qoluna qandal vurub Azərbaycana göndərdilər. “Palmali” şirkətinin təsisçisi Mübariz Mənsimovu Rövnəq Abdullayevin sifarişilə həbsə atdılar. Əmlakının yarısına əl qoydular. İstanbul universitetinin doktorantı Fazil Qasimovu bir terrorçu kimi evindən oğurlayıb zorla Bakıya deport etdilər. Adam indi həbsdədir. Keçmiş deputat Hüseyn Abdullayevi qandallayıb göndərdilər. Hazırda həbsdə ağır xəstədir.. Hansını deyim? Böyük olmaqdansa, kiçiklik etmək sənə yaraşdımı Türkiyə?
Recep Tayyip Erdoğan hər dəfə Boraltan Köprüsü Katliamından danışır. Orda 195 azərbaycanlı Stalin rejiminə təsıim edilib və rus gülləsinə düzülüb, doğru. Amma Erdoğanın hakimiyyəti dövründə Türkiyəyə üz tutub məhv edilən, Azərbaycana deport edilənlərin sayı yüzlərlədir. Bu gün xaricdə yaşayan və Azərbaycan hakimiyyətini tənqid edən azərbaycanlılar Türkiyəyə getməyə ehtiyat edirlər. Taleyin ironiyasına baxın ki, Azərbaycandan Türkiyəyə pənah aparan kriminal avtoritetlər Nadir Səlifov (Lotu Qulu), Rövşən Canıyev (Rövşən Lənkəranski) də Türkiyədə öldürüldü. Bu qətllərin üstü də təbii ki, Azərbaycandan verilən sifarişlə qapadıldı.
Və nəhayət, Türkiyəni, türklüyü daim müdafiə edən keçmiş millət vəkili Gultakin Hajibayli Türkiyədə həbsdədir. Nə Milliyetçi Hareket Partisi (MHP), nə AK Parti, nə Cumhuriyet Halk Partisi – CHP, nə də İYİ Parti millət vəkilləri bu barədə danışmayıb. Dem Partidən millət vəkili Ömer Faruk Gergerlioğlu bu məsələni TBMM-də qaldırıb. Kürd əsilli bu millət vəkili, insan haqları müdafiəçisi hökumətə sorğu göndərib. Məhz bu, insanlığın milliyyətə aidiyyatı olmadığını sübut edir. Türk əsilli millət vəkilləri isə həmişə olduğu kimi susublar. Yəqin Boraltan Köprüsü Katliamının ildönümünü gözləyirlər. Ölülərdən danışmaq rahatdır axı. Dirilərdən danışmaq ürək, cəsarət, vicdan istər.

