Azərbaycanda yüksək dövlət vəzifəsi tutmuş və hazırda vəzifədə çalışan şəxslərin yaxınları kripto bazarında yüz minlərlə dollar itiriblər. Maraqlıdır ki, müstəqil jurnalistləri qrant layihəsində çalışdıqları üçün qaçaqmalçı adı ilə həbs edən Azərbaycan hüquq mühafizə orqanları bu prosesi görməzdən gəlirlər.
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdə məlum olub ki, AzTV-nin (Azərbayca Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) keçmiş sədri Arif Alışanovun qardaşı oğlu Nizami Alışan, keçmiş DİN rəhbəri, indiki Dövlət Təhkükəsizlik Şurasının katibi Ramil Usubovun qardaşı oğlu Zeynal Usubov və Aztelekom İstehsalat Birliyinin keçmiş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə çirkli pulları təmizləmək üçün ABŞ-ın kripto bazarından istifadə etmək istəyiblər. Dünyada çirkli pulların yuyulması üçün istifadə olunan bu sistem artıq geniş auditoriyaya məlumdur. Prokurorluq orqqanlarında çalışaraq külli miqdarda qara pullar qazanan Zeynal Usubov Nizami Alışanın vasitəsilə 945 min dolları “təmizləməyə” çalışıb. İlkin olaraq ayda 7-8 min faiz alan Usubov sonradan verdiyi pulu geri ala bilməyib. Aztelekom-un keçmiş şefi Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə isə 1 milyon 300 min dolları “təmizləmək” istərkən ziyan edib. Pulunu geri ala bilməyib. Yadigar İsrafilov adlı digər şəxs isə bu prosesdə 200 min dollar itirib.
Maraqlıdır ki, məhkəmə prosesində bu şəxslər iddia ediblər ki, Nizami Alışanı internet vasitəsilə tanıyıblar. Nizami Alışanın əvvəllər AzTV-də əmisi Arif Alışanovun yanında çalışdığı, onun biznesini idarə etdiyi dəfələrlə vurğulanıb. Bu, onu sübut edir ki, bu şəxslər məhkəmdə qeyri-səmimilik edirlər. Çünki onların internetlə tanıdıqları şəxsə bu qədər vəsaiti etibar edəcəkləri inandırıcı deyil. Digər tərəfdən bu şəxslər pulları qazandıqları mənbəyi göstərməyərək, onları tanışlarından aldıqlarını deyiblər. Bu da bu şəxslərin çirkli pulların yuyulmasıyla məşğul olduqlarını təsdiqləyir. Təəssüf ki, Azərbaycan hüquq mühafizə orqanları bu detallara qətiyyən diqqət yetirmək istəmirlər.
Məhkəmə prosesi fevralın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsində davam edəcək.
İnformasiya şöbəsi

