Bunu deyən Rüfət Əliyev hələlik bələdiyyə seçkilərində yenidən seçilmək üçün fəaliyyət göstərir.

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bir çox regionlarda seçkilərlə bağlı aktivlik müşahidə olunmasa da, Astara rayonunun Hamoşam kəndində durum fərqlidir. Time TV olaraq ərazidə səfərdə olarkən, kənd sakinlərinin bələdiyyədən gözləntilərinin çox olduğunu gördük. Onlar istəyirlər ki, bələdiyyənin səlahiyyətləri artırılsın. Biz də suallarımızı 2019-cu ildən Hamoşam bələdiyyəsinin üzvü, 2021-ci ildən etibarən isə sədri olan Rüfət Əliyevə ünvanladıq. Və onunla simvolik olaraq “12 sual” adlandırdığımız söhbətdə maraqlı müzakirələr aparıb, fikirlərini dinlədik.

Sizin seçilməyinizə qədər olan bələdiyyə seçkilərini necə qiymətləndirirsiniz?
– Hamoşamda əvvəlki illərdə də rəqabətli seçki olub. Amma mən bunu da ideal seçki hesab etmirəm. Hətta öz seçildiyim 2019-cu il bələdiyyə seçkilərini də son qiymətləndirmədə ideal seçki hesab etməmişəm.

Siz son seçkidə hansı seçici aktivliyi ilə və neçə səslə bələdiyyə sədri seçilmisiniz?
– Dəqiq say xatırlamıram. Amma yüksək göstərici idi. Hardasa orta səviyyədə. Özümün aldığım səs 300-ə yaxın idi.

Siz bələdiyyə üzvü və daha sonra sədri seçildikdən sonra sizdən əvvəlki bələdiyyə sədri və heyətinin hansı xətalarını aşkar etmisiz?
– Elə bir ciddi xəta aşkar etməmişəm. Amma bilmirəm bələdiyyəyə aidiyyəti var ya yox 1997-ci ildə paylanan pay torpaqlarının 2017-2018-ci illərdə elektron xəritələşdirilməsi zamanı problemlər yaranmışdı. Rayon icra hakimiyyəti müəyyən işlər aparsa da hələ də problem olaraq qalmaqdadır və vətəndaşlar torpaqları üçün çıxarış almaqda çətinlik çəkirlər.

Bələdiyyə məclisinə seçildikdən sonra hansı təklifləri edirdiniz?
– Bələdiyyə məclisinə seçildikdən sonra müəyyən işlərlə bağlı təkliflər verirdim. Daha çox bələdiyyə fəaliyyətinin şəffaflığı və ictimai işlərlə bağlı.

Siz son 3 ildir ki, üzvü olduğunuz bələdiyyənin həm də sədrisiniz. Necə oldu sədr seçilmə prosesiniz?
– Mövcud bələdiyyə sədri könüllü olaraq işindən ayrıldı. Bələdiyyə heyəti də məni sədr seçdi. Daha sonra yerli icma ilə birlikdə bələdiyyəyə daxil olan ərazilərdə görəcəyimiz işlərlə və problemlərlə bağlı müzakirələr apardıq. Hamoşam və Toradi kəndlərində idman meydançası yaratmışıq. Hazırda ot örtüyünün bərpası qalıb. Onu da növbəti mərhələdə edəcəyik. Eyni zamanda kəndarası yolların və körpülərin abadlaşdırılması işi də aparmışıq. Bələdiyyənin büdcəsi imkan verməsə də xeyriyyə təşkilatları və ictimai birliklərlə birgə aztəminatlı ailələrə yardım göstərmişik. Bundan əlavə təhsil sahəsinə dəstək üçün kitab aksiyası keçirmişik və 1000-dən çox kitab toplanıb. Uşaqlara məktəb ləvazimatlarının verilməsində dəstək göstərmişik 3 il ərzində.

Bələdiyyə üzvü və sədri kimi fəaliyyətiniz neçə kəndi əhatə edib?
– Bu günə qədər 6 kəndi əhatə edib. Bələdiyyələr haqqında yeni qanunla bizim bələdiyyə Siyakü bələdiyyəsinə birləşir və ümumilikdə 40-dan çox kəndi əhatə edəcək.

Məxsusi olaraq təhsil sahəsində hansı irəliləyişlər əldə edilib?
-Mən təhsil müəssisələrinin uğurlarını, bələdiyyə ilə bağlamağı doğru hesab etmirəm. Təəssüf ki, ümumən bizim bölgəmiz erkən nikah və qızların təhsildən yayınması ilə bağlı statistik göstəricilərdə ön sıralarda olsa da , sevindirici haldır ki Hamoşamda son illərdə bu hal yaşanmır. Düzdür potensialımızı tam ifadə etməsə də, son illərdə ali və orta ixtisas təhsili müəssələrinə qəbul olan qızların sayı artıb. İndiyə qədər də, bundan sonra da biz bələdiyyə olaraq qızların təhsil almasına yardımçı olmağa hazırıq.

Bələdiyyə olaraq məktəbli və gəncləri əhatə edən hansı tədbirləri keçirmisiniz?
-Müxtəlif bayram tədbirləri eyni zamanda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmişik. Məktəbdən yayınma hallarının qarşısının alınması üçün valideynlərlə maarifləndirici söhbətlər aparmışıq

Bələdiyyə olaraq dövlət tenderlərinə və ya beynəlxalq layihələrə müraciət etmisinizmi? Və gələcəkdə bələdiyyə üzvü seçilsəniz üçün müraciət etməyi düşünürsünüzmü?
– Xeyr, müraciət etməmişik. Daha çox icmayönümlü fəaliyyət göstərmişik. Amma gələcəkdə həm yerli, həm də beynəlxalq layihələrə müraciət edə bilərik. Xüsusilə bələdiyyə ərazisi turizm üçün əlverişli yerdədir. Bələdiyyə büdcəsinin formalaşdırılması üçün turizm obyektlərinin və düşərgələrinin inşasını təklif edə bilərik.

Sizin bələdiyyənin yaylaq festivalı keçirmək təşəbbüsünüzə rayon icra hakimiyyəti icazə vermədi və mane oldu. Bunu necə qiymətləndirirsiniz?
-Təkcə Hamoşam deyil, ətraf kəndlər də zəngin turizm ehtiyatlarına və tarixə malikdir. Xüsusilə yaylaqlar, qəbir daşları, qalalar. Hətta Hamoşam kəndinin tarixi orta əsrlərə gedib çıxır. Eyni zamanda eramızın əvvəllərinə təsadüf edən kurqanlar və daş qutu qəbirlər var. Hamoşam sözünün mənası talış dilində “hamo” – hamar yer, “şam” da çayın kənarına çıxan palçıq deməkdir. Festivalın məqsədi isə ərazimizin turizm potensialını nümayiş etdirmək və əhalini bu sahə ilə məşğulluğa cəlb etmək idi. Lakin icra hakimiyyətinin festivalı ləğv etməsinin səbəbləri və detalları bizə bu gün də bəlli deyil. Amma ehtimallarımız var…

Bələdiyyə sədri olaraq məktəblərinizdə talış dilinin keyfiyyətli tədrisini monitorinq etmisinizmi?
-Məktəblərdə talış dilində dərsliklər var. Lakin talış dilini tədris edən mütəxəssislər hazırlayan bir institut və ya mərkəz yoxdur. Ümidvaram ki, gələcəkdə bu problem həllini tapacaq.

Gələcəkdə talış dili və mədəniyyətinin inkişafı ilə bağlı hansı işləri görməyi düşünürsüz? Talış dili və mədəniyyətinin inkişafı üçün dövlət büdcəsi və beynəlxalq qrantlar ayrılsa, əldə etmək istəyərdinizmi?
– Mən siyasi iddiası olan birisiyəm. Növbəti parlament seçkilərində deputatlığa da namizədliyimi verməyi düşünürəm. Bir dəfə yarı-ciddi, yarı-zarafat yazmışdım ki, deputat olsam ilk çıxışım talış dilində olacaq. Niyə də olmasın? Dövlət dili Azərbaycan dili olsa hər bir xalqın təmsilçisinin öz dilində danışmaq və xalqına xitab etmək haqqı var. Hətta müharibədə belə rabitə dillərindən biri talış dili idi. Bəs talış dili niyə ünsiyyət dili olmasın?
Əgər, talış dilinin inkişafı ilə bağlı da hər hansı dövlət dəstəyi və beynəlxalq yardım olacaqsa, bunu icma ilə müzakirə edib, qərar verəcəyik.

 


TIME TV sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

← Geri

Yanıtınız için teşekkür ederiz. ✨

Uyarı
Uyarı
Uyarı
Uyarı!